







Aprelin 20-də Bakının Nərimanov rayonunda “Cümə” məscidinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı baş tutub. Bu mühüm tədbir dövlətimizin başçısının təşəbbüsü ilə həyata keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Azərbaycanda müxtəlif dinlərə və mədəni abidələrə, xüsusilə də İslam dini abidələrinə həmişə böyük önəm verilir. Ölkəmizdə mövcud olan multikultural dəyərlər, tolerantlıq mühiti və İslam dünyasında həmrəyliyin gücləndirilməsi istiqamətində atılan addımlar beynəlxalq miqyasda diqqətlə izlənir. Yeni məscidlərin inşası və mövcud olanların əsaslı təmiri bu yanaşmanın aydın ifadəsidir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın müqəddəs Ramazan bayramı ərəfəsində “Cümə” məscidinin açılışında iştirakı xüsusi rəmzi məna daşıyır.
Qeyd edək ki, “Cümə” məscidi 1998-ci ildən fəaliyyət göstərir. Lakin illər keçdikcə məscid binası qəzalı vəziyyətə düşmüşdü. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə məsciddə əsaslı təmir və bərpa işlərinə başlanılıb. Yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib və 2024-cü ilin aprel ayında başa çatdırılıb.
Aparılan işlər çərçivəsində qəzalı vəziyyətdə olan iki minarə sökülərək yenidən inşa edilib, məscid binasında bərpa-gücləndirmə tədbirləri görülüb, dəstəmazxana binası tikilib və zəruri infrastruktur qurulub.
600 nəfərə qədər ibadətçinin eyni vaxtda namaz qıla biləcəyi məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub.
Məsciddə yaradılan müasir şərait milli-mənəvi dəyərlərimizin qorunmasının Prezident İlham Əliyevin prioritetlərindən biri olduğunu bir daha sübut edir. Dövlət başçısının təşəbbüsü və tapşırıqları əsasında həm paytaxtda, həm də bölgələrdə onlarla məscid, dini abidə və ziyarətgah inşa olunub, bərpa edilib və yenidən qurulub. Bu işlərə Heydər Əliyev Fondu da mühüm töhfələr verib.
Nərimanov rayonundakı “Cümə” məscidində görülən əsaslı təmir və yenidənqurma işləri ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirilən tədbirlərin davamlı xarakter aldığını nümayiş etdirir.