















İyulun 20-də 2 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzi istifadəyə verilib. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib və Mərkəzin açılışını gerçəkləşdirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlətimizin başçısına Sumqayıt şəhərindəki 2-ci, ölkə üzrə isə 24-cü olan “ASAN xidmət” Mərkəzində yaradılan şərait haqqında məlumat verib.
Bildirilib ki, hazırda Sumqayıt şəhərində fəaliyyət göstərən 1 saylı regional “ASAN xidmət” Mərkəzi gün ərzində 3 minə qədər vətəndaşa xidmət edir. Xidmətlərə olan böyük tələbatı nəzərə alaraq, Sumqayıtda ikinci regional “ASAN xidmət” Mərkəzi inşa edilib. Ümumilikdə, ölkə üzrə “ASAN xidmət” mərkəzlərinə indiyədək 54 milyona yaxın müraciət daxil olub.
Mərkəzin tikintisində dördmərtəbəli inzibati bina, fəvvarə, iki yerüstü avtomobil dayanacağı, kafe, istirahət və uşaq əyləncə meydançaları inşa edilib. Fasadlarda müasir texnologiyalar istifadə olunub.
Bu Mərkəzdə müxtəlif dövlət orqanları, özəl şirkətlər və müəssisələr tərəfindən Sumqayıt şəhəri, Qobustan, Xızı, Siyəzən və Abşeron rayonlarında qeydiyyatda olan 700 minə yaxın vətəndaşa ümumilikdə 325 xidmət göstəriləcək. Həmçinin, Mərkəz ölkənin digər bölgələrində qeydiyyatda olan vətəndaşlara da ərazi məhdudiyyəti olmadan xidmət edəcək. Burada 192 əməkdaş və 45 könüllü fəaliyyət göstərəcək.
Mərkəzdə 220 video müşahidə kamerası, 13 monitor, 150 kompüter, 101 printer, 125 İP telefon, elektron növbə sistemini tənzimləyən 18 monitor, 2 “ASAN ödəniş” terminalı, 3 elektron rəy sorğusu (exit poll) köşkü, “108 Çağrı mərkəzi”nə zəng köşkü, elektron şikayət köşkü (Skype), mərkəzləşdirilmiş havalandırma və yanğın söndürmə sistemləri, həmçinin 2 lift quraşdırılıb.