









Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdama səfəri çərçivəsində Qiyaslı məscidində olub. Səfər zamanı “Ağ şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıqov dövlət başçısına məscidin tarixi və mövcud vəziyyəti barədə ətraflı məlumat verib.
Məlumat verilib ki, işğal dövründə erməni vandalları bu qədim məscidi də məhv edərək ona böyük ziyan vurublar. Məsciddə heyvanlar saxlanılıb, sonradan isə geri çəkilən zaman abidə yandırılıb. Nəticədə məscid ciddi dağıntılara məruz qalıb və orijinal görkəmini itirib. Qeyd olunub ki, bərpaçılar tərəfindən abidənin ilkin vəziyyətini əks etdirən sənədlər təqdim edilib və bu əsnada zəruri tədqiqatlar aparılır.
Qeyd etmək lazımdır ki, Qiyaslı məscidi Qarabağ bölgəsində erməni vandalizminə məruz qalan ən qiymətli tarixi-dini abidələrdən biridir. Ağdam rayonunun Qiyaslı kəndində yerləşən bu məscid XVIII əsrin memarlıq incilərindən sayılır. Tarixi və mədəni əhəmiyyətinə görə məscid 2001-ci ildən etibarən yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb.
Bu məscid, Qarabağın dini-mədəni irsinin bir parçası olmaqla yanaşı, xalqımızın tarixinin və milli-mənəvi dəyərlərinin göstəricisidir. Prezident İlham Əliyevin burada səfəri və məscidin vəziyyətinə xüsusi diqqət yetirməsi, dövlətimizin tarixi abidələrin bərpası və qorunması istiqamətində apardığı ardıcıl siyasətin bariz nümunəsidir. Qiyaslı məscidinin gələcəkdə yüksək səviyyədə bərpa edilərək əvvəlki möhtəşəmliyinə qovuşacağı və xalqımızın mənəvi irsinin bir daha dünyaya tanıdılacağı şübhəsizdir.